Get Adobe Flash player

Ədəbiyyat (X-XI siniflər)

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni üzrə təhsil proqramı (kurikulumu) (X-XI siniflər)

1. Ədəbiyyat fənni üzrə ümumi təlim nəticələri
 
Tam  orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:
 
•oxuduğu bədii nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir;
•ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar təqdim edir;
•mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi baxımından ədəbi nümunələr üzərində araşdırmalar aparır;
•bədii nümunələri mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;
•bədii nümunələrin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;
•ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə münasibət bildirir;
•mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplayır, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlayır.    
 
2. Məzmun xətləri üzrə təlim nəticələri
 
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
Ədəbiyyat və həyat həqiqətləri
 Şagird:
•oxuduğu bədii nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir;
•bədii nümunələrin mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir və təqdim edir;
•bədii nümunələri mövzu, janr, problem baxımından müqayisə edir;
•bədii nümunələrin məzmununa və ideyasına yarandığı dövrün ictimai-siyasi və əxlaqi-etik dəyərləri kontekstində qiymət verir.
 
Şifahi nitq
Şagird:
•nitqində emosional-obrazlı  ifadələrdən istifadə edir;
•bədii nümunələrin məzmun və ideyası ilə bağlı fikirlərini  əsaslandırmaqla şərh edir;
•ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə  münasibət bildirir.
 
Yazılı nitq
Şagird:
•ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar yazır;
•mənbələr üzərində işləyir, topladığı materiallar əsasında görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə müxtəlif mövzularda təqdimatlar hazırlayır.    
 
 
3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
 
X sinif
 
 X sinfin sonunda şagird:
•ifadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranılması və təhlili məqsədi ilə istifadə edir;
•müxtəlif ədəbi növdə olan əsərlərin məzmununu qavrayır, fakt və hadisələr, obrazlarla bağlı yazıçı mövqeyini aydınlaşdırır;
•əsərin mövzusunu, ideyasını, başlıca problemini, obrazların səciyyəsini müəyyənləşdirir, bağlı olduğu dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə ona qiymət verir;
•çoxsüjetli epik və dramatik əsərləri, lirik şeirləri bədii xüsusiyyətlərinə görə təhlil edir;
•şifahi məlumatlarda, bədii əsərlə bağlı müzakirələrdə mövzu, problemin mahiyyəti barədə dinləyiciliərdə aydın təsəvvür yaratmaq üçün müxtəlif mənbələrdən sitatlar seçir, bədii nümunələrdən bəhrələnir;
•müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktin həlli yollarına münasibətini tutarlı dəlillərə əsaslanmaqla ifadə edir.  
 
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri 
Şagird: 
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (dastan, poema, hekayə, povest, roman, dram, komediya, faciə) tanış olmayan sözlərin mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir.
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranılması, təhlili məqsədi ilə istifadə edir.
1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı bədii nümunələri hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir.
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan bədii nümunələrdə əksini tapan mühüm mənəvi, əxlaqi-etik dəyərləri müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, mürəkkəb süjet və kompozisiyalı bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, bənzətmə, metafora, metonimiya, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii təzad, inversiya)  müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri  və süjetli bədii nümunələri (dastan, poema, hekayə, povest, roman, dram, komediya, faciə) janr, dil  baxımından müqayisə edir.
1.2.2. Davranış və əməllərinə, başqaları ilə qarşılıqlı münasibətlərinə, yazıçının mövqeyinə, digər surətlərin mühakimələrinə əsaslanmaqla obrazları təhlil edir.
1.2.3.  Müxtəlif vəznli (heca, əruz,  sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrinin obrazlılığın yaradılmasındakı rolunu  aydınlaşdırır və münasibət bildirir.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri baxımından təhlil edir və nəticə çıxarır.
 
 
2. Şifahi nitq
Şagird: 
2.1. Şifahi nitq bacarıqları  nümayiş etdirir.
2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında obrazlı ifadələrdən istifadə edir.
2.1.2. Obrazların nitqinə istinad edərək yazıçı mövqeyi ilə bağlı fikirlərini əsaslandırır.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçı mövqeyinə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
 
 
3. Yazılı nitq
Şagird: 
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir. 
3.1.1. Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif mənbələrdən seçdiyi inandırıcı faktlardan  istifadə edir.
3.1.2. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, probleminə münasibət bildirir, ümumiləşdirmələr aparır, nəticə çıxarır.
3.1.3. 3-3,5 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzularda inşa, esse, məruzə) yazır.
 
 
 
XI sinif
 
XI sinfin sonunda şagird:
•ifadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranılması, təhlili və qiymətləndirilməsi məqsədi ilə istifadə edir;
•müxtəlif ədəbi növdə olan mürəkkəb kompozisiyalı əsərlərin məzmununu qavrayır, mənəvi dəyərlər, fakt və hadisələrlə, obrazlarla bağlı yazıçı mövqeyini aydınlaşdırır;
•əsərin mövzusunu, ideyasını, başlıca problemini və konfliktini müəyyənləşdirir, bağlı olduğu dövrün ictimai-siyasi, estetik yanaşmalarından çıxış etməklə əsərə münasibət bildirir.
•çoxsüjetli, mürəkkəb kompozisiyalı epik və dramatik əsərləri, lirik şeirləri bədii xüsusiyyətlərinə görə təhlil edir.
•şifahi təqdimatlarda, bədii nümunələrlə  bağlı müzakirələrdə müxtəlif üsullardan (nağıletmə, təsvir, nümayiş) istifadə etməklə ümumiləşdirmələr aparır, nəticə çıxarır.
•müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktin həlli yollarına münasibətini tutarlı dəlillərlə, məntiqi ardıcıllığı gözləməklə, ümumiləşdirmələr aparmaqla əsaslandırır. 
 
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri 
Şagird: 
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (hekayə, povest, roman, dram, komediya, faciə, poema) tanış olmayan sözlərin, ifadələrin mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir.
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranılması, təhlili və qiymətləndirilməsi məqsədi ilə istifadə edir.
1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı bədii nümunələrdə əhvalat və hadisələr arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, mətni hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir.
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan əsərlərdə (poema, hekayə, povest, roman, dram, komediya, faciə)  əksini tapan mühüm milli-mənəvi, bəşəri dəyərlərə əsaslandırılmış münasibət bildirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, mürəkkəb süjetli və kompozisiyalı ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, bənzətmə, metafora, metonimiya, sineqdoxa, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii təzad, kinayə (sarkazm), inversiya)  müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri  və süjetli əsərləri (poema, hekayə, povest, roman, dram, komediya, faciə) kompozisiya, dil, üslub  baxımından təhlil edir.
1.2.2. Obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir, müqayisələr aparır.
1.2.3. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir  və ifadə vasitələrinin obrazlılığın təmin edilməsindəki roluna əsaslandırılmış münasibət bildirir. 
1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını, başlıca problemini, konfliktini dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirir və qiymətləndirir.
 
 
2. Şifahi nitq
Şagird: 
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.2. Obrazların nitqinə istinad edərək yazıçı mövqeyi ilə bağlı fikirlərini əsaslandırır.
2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında bədii-emosional və obrazlı ifadələrdən istifadə edir.
2.1.2. Dil və üslub xüsusiyyətlərinə istinad edərək yazıçı  mövqeyi ilə bağlı  mühakimələrini faktlarla əsaslandırır.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçının  mövqeyinə tənqidi münasibətini əsaslandırır, dinləyicilərin rəyini nəzərə alır, mimika və jestlərdən məqsədyönlü istifadə edir.
 
 
3. Yazılı nitq
Şagird: 
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir. 
3.1.1. Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif mənbələrdən seçdiyi inandırıcı faktlardan, şəxsi təəssüratlarından  istifadə edir.
3.1.2.Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, probleminə, bədii xüsusiyyətlərinə  münasibət bildirir, ümumiləşdirmələr aparır, nəticə çıxarır.
3.1.3. 3,5-4 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda inşa, esse, məqalə, məruzə) yazır.

free counters  ILK-10 Azeri Website Directory