Get Adobe Flash player

Summativ qiymətləndirmə

  

Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır.

 

Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Yekun qiymətləndirmə təhsil səviyyələrinin sonunda buraxılış imtahanları şəklində aparılır.

 

Summativ qiymətləndirmələrin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.

 

Kiçik summativ qiymətləndirmənin keçirilməsi üçün vaxt fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilərək qiymətləndirmə vasitələri hazırlanır. Böyük summativ qiymətləndirmə vasitələri isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarə edən orqanlar və ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.

 

Kiçik summativ qiymətləndirmə bir dərs saatı və ya dərs saatının bir hissəsində aparıla bilər. Bu müddət fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilməlidir.

 

Yarımillərin sonunda böyük summativ qiymətləndirmənin bir dərs saatı ərzində keçirilməsi illik planlaşdırmada nəzərdə tutulur.

 

Kiçik və böyük summativ qiymətləndirmə vasitələri asan, orta, çətin olmaqla hazırlanır. Asan tapşırıqlar idrakın bilmə mərhələsinə aid olub şagirdin hər hansı bir məlumatı bilməsini və yadda saxlamasını ölçür. Orta səviyyəli tapşırıqlar idrakın anlama, tətbiq və təhlil mərhələsinə aid olub şagirdin səbəb-nəticə əlaqələrini anlamaq, tətbiq etmək, müqayisə etmək və fərqləndirmək kimi bacarıqlarını qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar idrakın sintez və dəyərləndirmə mərhələsinə aid olub şagirdin sintez etmək, qarşılaşdırmaq, dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını ölçür.

 

Summativ qiymətləndirmə şagird nailiyyətinin rəsmi qiymətləndirilməsidir və nəticələr 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər sinif jurnalına yazılır.

 

 

 

free counters  ILK-10 Azeri Website Directory